ABŞ-də 90 ildən sonra ictimai edam
Fort Hud hücumuna görə məhkum edilən keçmiş hərbçinin ictimai edamı nəzərdə tutulur
ABŞ-də 2009-cu ildə Fort Hud hərbi bazasında 13 nəfərin ölümü ilə nəticələnən hücuma görə ölüm hökmü alan Nidal Malik Həsənin güllələnmə dəstəsi tərəfindən edam olunması planlaşdırılır. Edamın ictimaiyyətin iştirakı ilə keçirilməsi nəzərdə tutulur.
ABŞ müdafiə naziri Pit Heqset “Real America's Voice”a müsahibəsində bildirib ki, insanlar edamı izləyə biləcəklər. O, bu addımın ağır cinayətlərin nəticələrini göstərmək məqsədi daşıdığını qeyd edib.
Hələlik edamın canlı yayımlanıb-yayımlanmayacağı və mərasimdə iştirak edə biləcək şəxslərin dairəsi barədə məlumat verilməyib.
ABŞ mediası xatırladır ki, ölkədə son ictimai edam 1936-cı ildə Kentukki ştatında Reyni Beteanın asılması olub. Güllələnmə dəstəsi ilə son edam isə 1945-ci ildə hərbi fərarilikdə təqsirli bilinən Eddi Slovik barəsində həyata keçirilib.
Hazırda 56 yaşlı Nidal Həsən keçmiş hərbi psixiatrdır. O, 2009-cu ilin noyabrında Texas ştatındakı Fort Hud bazasında törədilən hücuma görə hərbi məhkəmə tərəfindən ölüm hökmünə məhkum edilib. Hücum nəticəsində 13 nəfər ölüb, 32 nəfər yaralanıb.
Həsən saxlanılarkən polis tərəfindən güllələnib və qismən iflic olub. Onun dekabrın 3-də edam ediləcəyi gözlənilir.
