Rəhmon regionda iqtisadi əməkdaşlığın artırılmasını təklif edib
Tacikistan lideri energetika, aqrar və sənaye sahələrində birgə layihələrə çağırıb
Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinin mümkün olduğunu bildirib.
“Report”un məlumatına görə, bu barədə E.Rəhmon Avazadə keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxış edərkən deyib.
O bildirib ki, region ölkələrinin resurs potensialı sənaye komplekslərinin, birgə müəssisələrin yaradılması və təbii sərvətlərin emalı üzrə layihələrin həyata keçirilməsinə imkan verir.
Tacikistan Prezidenti rəqəmsal və “yaşıl” texnologiyaların tətbiqinin, innovasiyaların və süni intellektdən istifadənin genişləndirilməsini vacib hesab etdiyini söyləyib.
E.Rəhmon ticarət və xidmətlər sahəsində əlaqələrin gücləndirilməsinə, kiçik və orta biznesin iştirakı ilə istehsal və ixrac layihələrinin artırılmasına diqqət çəkib.
O, həmçinin aqrar sahədə əməkdaşlığın genişləndirilməsinin, kənd təsərrüfatı məhsullarının istehsalı üçün zəruri resurslarla təminatın yaxşılaşdırılmasının vacibliyini qeyd edib.
Tacikistan lideri energetika sahəsində prioritet layihələrin siyahısının hazırlanmasını və onların birgə maliyyələşdirilməsi mexanizmlərinin müəyyənləşdirilməsini təklif edib.
E.Rəhmon regionun ehtiyaclarını nəzərə almaqla müasir texnologiyalar əsasında iri neft emalı zavodunun tikintisi ilə bağlı layihələrin hazırlanmasının vacibliyini də vurğulayıb.
