İlon Mask ABŞ Müdafiə Nazirliyinin layihəsinə rəhbərlik edəcək
“Meridian” layihəsi gələcəyin müharibə sahələrini araşdıracaq
Amerikalı sahibkar İlon Mask ABŞ Müdafiə Nazirliyinin yeni “Meridian” layihəsinin həmsədrlərindən biri təyin edilib.
“BBC” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmi saytında məlumat yayılıb.
Bildirilib ki, layihə dərin yeraltı ərazilərdən Ay zonasına qədər gələcək müharibə sahələrinin bütün spektrini araşdıracaq.
ABŞ Müdafiə Nazirliyinin baş texnologiya zabiti Emil Mayklın təşəbbüsü ilə həyata keçiriləcək layihəyə İlon Mask, Palmer Lakki və Nyut Qinqriç birgə rəhbərlik edəcək. Komandaya akademik dairələr, siyasət və sənaye sahələrinin aparıcı mütəxəssisləri də cəlb olunacaq.
Layihənin əsas məqsədi qabaqcıl sistemlərin tətbiqini sürətləndirmək üçün özəl sektor nümayəndələri, sahibkarlar və texnologiya mütəxəssisləri ilə əməkdaşlığı genişləndirməkdir.
Müdafiə naziri Pit Heqset layihənin 120 gün ərzində tamamlanmasını və əsas nəticə və tövsiyələri əks etdirən yekun hesabatın hazırlanmasını tapşırıb. Hesabat ictimaiyyət üçün açıq bölmədən və hərbi rəhbərlik üçün məxfi əlavədən ibarət olacaq.
