Fransada tətil dalğası
Etirazlarda yüzlərlə şəxs saxlanılıb, məktəblərə ziyan dəyib
Fransada dövlət sektorunun əməkdaşları və şagirdlərin iştirakı ilə kütləvi etiraz aksiyaları keçirilib.
RFI xəbər verir ki, nümayişlər 170-dən artıq şəhərdə təşkil olunub. Aksiyalara müəllimlər, səhiyyə işçiləri, yanğınsöndürənlər və digər dövlət qurumlarının əməkdaşları qatılıb.
Həmkarlar ittifaqları əməkhaqlarının artırılmasını, dövlət qulluqçularının maaşlarının indeksasiyası ilə bağlı məhdudiyyətlərin aradan qaldırılmasını tələb edib.
Lisey şagirdləri isə məktəblərdə müəllim çatışmazlığının aradan qaldırılması, siniflərdə şagird sayının azaldılması, təhsil müəssisələrinin şəraitinin yaxşılaşdırılması və dərs yükünün yüngülləşdirilməsini istəyiblər.
Etirazlar zamanı bir sıra şəhərlərdə qarşıdurmalar baş verib. Fransa Daxili İşlər Nazirliyinin açıqlamasına əsasən, 400-dən çox nümayişçi saxlanılıb.
Bundan başqa, toqquşmalar nəticəsində 10-a yaxın müəllim və 48 təhlükəsizlik əməkdaşı xəsarət alıb. Təhsil Nazirliyi aksiyalar zamanı 400-ə yaxın məktəbin zərər gördüyünü açıqlayıb.
Məlumata görə, aksiyalara 300 mindən çox insan qatılıb.
