Türkiyə Prezidenti TŞ-də daimi üzvlüyə qarşı çıxıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-də genişmiqyaslı islahatların aparılmasına çağırıb.
O, bu barədə “Bloomberg” üçün yazdığı “BMT Təhlükəsizlik Şurasının veto hüququnu ləğv etməlidir” adlı məqaləsində bildirib.
Ərdoğan BMT Təhlükəsizlik Şurasında veto hüququnun ləğvini, daimi üzvlük institutundan imtina edilməsini və Baş Assambleyanın səlahiyyətlərinin gücləndirilməsini təklif edib.
Türkiyə liderinin sözlərinə görə, TŞ-nin imtiyazlı üzvlərinin sayının artırılması səlahiyyətlərin məhdud dövlətlər qrupunda cəmləşməsi problemini aradan qaldırmayacaq.
“İslahat eyni imtiyazın digər dövlətlərə verilməsi demək deyil”, - deyə Ərdoğan qeyd edib.
O, həmçinin TŞ-nin yeni prinsip əsasında formalaşdırılmasını təklif edib. Ərdoğanın fikrincə, Şurada daimi üzvlər olmamalı, dövlətlər Baş Assambleyada müəyyən müddətə və rotasiya əsasında seçilməlidir.
Ərdoğan Ankaranın “Dünya beşdən böyükdür” prinsipini də xatırladıb.
