Donald Tramp Polşada ABŞ hərbi bazasının yaradılacağını açıqladı
ABŞ Prezidenti Donald Tramp Polşada daimi ABŞ hərbi bazasının yaradılması istiqamətində mühüm irəliləyiş əldə edildiyini bildirib.
Bu barədə Tramp sosial şəbəkə hesabında məlumat yayıb.
ABŞ lideri Polşa Prezidenti Karol Navrotskinin fəaliyyətini yüksək qiymətləndirərək, iki ölkə arasında daimi hərbi bazanın yaradılması ilə bağlı danışıqların irəliləyiş mərhələsində olduğunu qeyd edib.
Trampın sözlərinə görə, razılaşma reallaşarsa, bazanın yerləşəcəyi ərazi barədə yaxın vaxtlarda məlumat veriləcək.
O, bazanın yaradılmasını ABŞ-Polşa hərbi ittifaqı baxımından “tarixi addım” adlandırıb.
Karol Navrotski də öz növbəsində Trampa təşəkkür edib. Polşa Prezidenti Vaşinqtonla müdafiə sahəsində əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib.
Onun sözlərinə görə, Polşa hökuməti ABŞ hərbi bazasının yerləşdirilməsi üçün ən uyğun ərazinin müəyyənləşdirilməsi üzərində işləyəcək.
Qeyd edək ki, ABŞ hərbçiləri hazırda Polşada əsasən rotasiya prinsipi ilə xidmət aparırlar. Polşa 2022-ci ildən, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra NATO-nun şərq cinahında müttəfiq qüvvələrin mövcudluğunun gücləndirilməsini istəyir.
