Paşinyan: “Mən rus dili dərslərinə gedirəm”
Ermənistan Baş naziri Nikol Paşinyan rus dilini öyrəndiyini bildirib.
“Sputnik Ermənistan” yazır ki, Paşinyan hökumətin iclasında çıxışı zamanı hazırda Dövlət İdarəçilik Akademiyasında keçirilən rus dili kurslarına qatıldığını söyləyib.
O, Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyanın dövlət qulluqçularının xarici dilləri, xüsusilə ingilis dilini öyrənməsinin vacibliyi barədə açıqlamasına münasibət bildirib.
“Nəyə görə yalnız ingilis dili? Mən, məsələn, Dövlət İdarəçilik Akademiyasında keçirilən rus dili dərslərinə gedirəm. Başqa biri yapon, çin, ispan, alman dili kurslarına gedə bilər”, - Paşinyan deyib.
Xatırladaq ki, Ermənistan hökumətinin başçısı sentyabrın əvvəlində Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində çıxışını erməni dilində edib. O, əvvəlki iclasda isə rus dilində çıxış etmişdi.
Rusiya Prezidentinin köməkçisi Yuriy Uşakov Paşinyanın həmin çıxışını şərh edərkən bunun ona qəribə təsir bağışladığını deyib.
