Haşim Taçiyə 25 il həbs cəzası verilib
Haaqa Xüsusi Məhkəməsi Kosovonun sabiq prezidenti Haşim Taçini 25 il müddətinə azadlıqdan məhrum edib.
“RİA Novosti”nin məlumatına görə, məhkəmə Taçini Kosovo münaqişəsi zamanı törədilmiş hərbi cinayətlərdə təqsirli bilib. Qərara əsasən, onun əvvəllər həbsdə keçirdiyi müddət cəza müddətinə daxil edilib.
Məhkəmə Taçini azı 303 nəfərə işgəncə verilməsi, 96 nəfərin öldürülməsi, qanunsuz və ya özbaşına həbs və saxlanma, habelə qəddar rəftar daxil olmaqla bir sıra hərbi cinayətlərdə təqsirli hesab edib. İnsanlıq əleyhinə cinayətlər üzrə ittihamlardan isə bəraət verilib.
Məhkəmə Kosovo parlamentinin keçmiş sədrləri Kadri Veseli və Yakup Krasniçi, eləcə də keçmiş deputat Recep Selimini də hərbi cinayətlərdə təqsirli bilib.
Qərara əsasən, Veseliyə 18 il, Selimiyə 13 il, Krasniçiyə isə 25 il həbs cəzası verilib. Bu şəxslərin də daha əvvəl həbsdə keçirdikləri müddət nəzərə alınıb.
Qeyd edək ki, Xüsusi Məhkəmənin prokurorları dörd təqsirləndirilən şəxsin hər biri üçün 45 il həbs cəzası tələb etmişdilər. Onlar 1998-1999-cu illərdə Kosovo və Metoxiyadakı müharibə zamanı hərbi və insanlıq əleyhinə cinayətlər törətməkdə ittiham olunublar.
