AI modelləri arasında “gizli dil”ə bənzər ünsiyyət müşahidə olunub
Süni intellekt agentlərinin bir-biri ilə qarşılıqlı əlaqə zamanı əvvəlcədən proqramlaşdırılmayan yeni ifadələr və mənalar yaratdığı açıqlanıb.
“Emergence” laboratoriyasının araşdırmasına əsasən, müxtəlif süni intellekt modelləri birgə fəaliyyət göstərdikləri eksperimental mühitlərdə zaman keçdikcə özlərinə məxsus ifadələr və qısaltmalar formalaşdırıblar.
Tədqiqatda “DeepSeek”, “Anthropic” və “Mistral” modelləri arasında aparılan dialoqlardan nümunələr yer alıb.
Araşdırmaçılar bildiriblər ki, modellər bəzi hallarda metaforik ifadələri biznes terminləri ilə birləşdirərək insanlar üçün çətin başa düşülən yeni ünsiyyət formaları yaradıb.
Nümunələrdən birində “DeepSeek” modelinin “boş sərvətə vergi” ifadəsinə verdiyi izahın adi insan dilindən xeyli fərqləndiyi göstərilib.
Digər nümunədə “Anthropic” modelinin müstəqil rəyçini “soyuq əllər” kimi kodlaşdırdığı, “Mistral” agentlərinin isə “Dəftər xatırlayır” ifadəsindən təkrar istifadə etdiyi qeyd olunub.
London Kral Kollecinin Dil və Jarqon Arxivinin direktoru Toni Torn süni intellekt agentlərinin bu ünsiyyətini bəzi ədəbi əsərlərdəki sürreal dil üslubu ilə müqayisə edib.
Mütəxəssislərin fikrincə, belə qısa və kodlaşdırılmış ünsiyyət hesablama resurslarına qənaət baxımından faydalı ola bilər. Lakin agentlərin insanlar tərəfindən asanlıqla başa düşülməyən kommunikasiya forması yaratması onların davranışlarının monitorinqi məsələsini də gündəmə gətirir.
Tədqiqatçılar xüsusilə vurğulayıblar ki, süni intellekt sistemlərini müşahidə etmək onların bir-biri ilə yaratdığı ünsiyyətin insanlar tərəfindən tam başa düşüldüyü anlamına gəlmir.