Ukraynanın Cənubi Ukrainsk şəhərində rusdilli mədəniyyət nümunələrinə qadağa qoyuldu

Ukraynanın Nikolayev vilayətinin Cənubi Ukrainsk şəhərində rus dilində mədəniyyət nümunələrinin ictimai istifadəsi qadağan edilib. Qərar şəhər şurasının sessiyasında keçirilən səsvermə nəticəsində qəbul olunub. Bu barədə Ukraynanın “İctimai. Xəbərlər” nəşri məlumat yayıb.
Şəhər rəhbərliyinin gənclər, idman və mədəniyyət üzrə idarəsinin rəisi Nelli Zaxarkonun sözlərinə görə, qərar mədəniyyət və təhsil müəssisələrində rusdilli kontentin təqdimatına moratorium tətbiqini nəzərdə tutur. Belə ki, rus musiqisinin səsləndirilməsi, rus dilində kitabların istifadəsi və digər oxşar materialların yayımı qadağan edilir.
Qeyd edək ki, 2025-ci ilin dekabrında Ukrayna Ali Radası rus dilini Avropa Regional və Azlıqlar Dilləri Xartiyası ilə qorunan dillər siyahısından çıxarıb. Sözügedən qərar üçüncü cəhddə qəbul edilib. Rus dilinin Ukraynadakı statusu Rusiya-Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlarda müzakirə mövzusu olaraq qalır. Prezident Volodimir Zelenski isə rus dilinə dövlət dili statusu verilməsi tələblərini “ultimatum” adlandıraraq bunu qəbul etmədiyini bildirib.