İran-Ermənistan sərhədində gömrük rəsmiləşdirilməsi elektronlaşdırılır
İran və Ermənistan Norduz-Mehri sərhəd-keçid məntəqəsində gömrük prosedurlarının sadələşdirilməsi və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi barədə razılığa gəlib.
“Armenia Today”in məlumatına görə, bununla bağlı sentyabrın 12-də Culfada İran Gömrük Xidmətinin rəhbəri Farud Əsgəri və Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Hakopyan arasında keçirilən görüşdə protokol imzalanıb.
Sənədə əsasən, sərhəd-keçid məntəqəsində sadələşdirilmiş “yaşıl dəhliz” tətbiq ediləcək. Eyni zamanda kağız sənədləşmədən imtina edilərək elektron məlumat mübadiləsi – EDI və Pre-Arrival sistemlərinə keçid həyata keçiriləcək.
Bu dəyişikliklərin yük maşınlarının sərhəddə gözləmə müddətinin azaldılması və gömrük prosedurlarının daha operativ həyata keçirilməsinə şərait yaradacağı gözlənilir.
Tərəflər, həmçinin Norduz-Mehri sərhəd-keçid məntəqəsinin birgə istifadəsi haqqında sazişin müddətini daha 10 il uzadıblar.
Bundan başqa, səlahiyyətli iqtisadi operatorların (AEO) statuslarının qarşılıqlı tanınması barədə razılıq əldə edilib.
