Sinqapur liderinin maaşı milyonlarla dollar olacaq – Trampı 7 dəfə üstələyəcək
Sinqapur Baş naziri Lorens Vonqun əməkhaqqısının əhəmiyyətli dərəcədə artırılması qərara alınıb.
Oktyabrın 15-dən qüvvəyə minəcək yeni qaydalara əsasən, Vonqun illik maaşı 2,2 milyon Sinqapur dollarından 3,6 milyon Sinqapur dollarına yüksələcək. Bu, təxminən 2,8 milyon ABŞ dollarına bərabərdir.
Beləliklə, Sinqapur hökumətinin başçısı dünyanın ən yüksək maaş alan siyasi lideri olaraq qalacaq.
Müqayisə üçün, ABŞ Prezidenti Donald Trampın illik maaşı 400 min dollardır. Bu isə Vonqun yeni illik gəlirindən təxminən yeddi dəfə azdır.
Məsələyə münasibət bildirən Lorens Vonq siyasi vəzifələr üzrə maaşların həssas məsələ olduğunu deyib.
“Siyasi maaşlar həssas və emosional bir məsələdir”, – deyə o bildirib və maaşların müəyyənləşdirilməsi prosesinin şəffaf aparılmasının vacibliyini vurğulayıb.
Vonq maaş artımından əldə edəcəyi əlavə vəsaitlə bağlı da qərarını açıqlayıb. O, illik gəlirindəki 1,4 milyon Sinqapur dolları həcmində artımı növbəti beş il ərzində xeyriyyə təşkilatlarına bağışlamağı planlaşdırır.
Əməkhaqqı artımı digər yüksəkvəzifəli şəxslərə də şamil olunacaq. Onların maaşlarının ilkin mərhələdə 9 faizə qədər artırılması nəzərdə tutulur. Gənc nazirlərin illik gəliri 1,35 milyon Sinqapur dolları olacaq. Bu məbləğ onların fəaliyyət göstəricilərindən asılı olaraq 1,8 milyon Sinqapur dollarına qədər arta bilər.
Mövcud maaş göstəricilərinə görə, Honq Konq administrasiyasının rəhbəri 719 min dollarla ikinci, İsveçrə prezidenti isə 606 min dollarla üçüncü yerdədir. Böyük Britaniyanın baş naziri isə illik təxminən 230 min dollar maaş alır.
