ABŞ-dən Cənubi Qafqazla bağlı açıqlama: Vəziyyət doğru istiqamətdə inkişaf edir
ABŞ Cənubi Qafqazda son dövrdə baş verən prosesləri müsbət qiymətləndirir.
Bunu ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon diplomatik korpusun nümayəndələri ilə Qarabağa səfəri zamanı deyib.
Diplomat bildirib ki, Vaşinqton 2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla Vaşinqtonda keçirdiyi görüşdən sonra əldə olunan irəliləyişi yüksək qiymətləndirir.
“Bu müddət ərzində əldə edilən irəliləyiş bizi həqiqətən sevindirir. Buna görə də Cənubi Qafqazdakı vəziyyəti birmənalı şəkildə doğru istiqamətdə inkişaf edən vəziyyət kimi qiymətləndiririk”, – deyə E.Karlon vurğulayıb.
Onun sözlərinə görə, ABŞ regionda möhkəm və davamlı sülhün bərqərar olunmasına dəstək verməkdə davam edəcək. Vaşinqton, həmçinin Cənubi Qafqazda rifahın artırılmasına xidmət edən layihələri dəstəkləməyə hazırdır.
