Yəməndə husilərin nəzarət etdiyi ərazilərlə bağlı yeni açıqlama
Yəmənin “Ənsar Allah” hərəkatı Qırmızı dənizin ölkə ərazisindəki qərb sahilinin tam nəzarətə götürüldüyünü bəyan edib.
“Al Jazeera”nın yaydığı məlumata əsasən, hərəkatın qüvvələri strateji Moxa şəhərinə nəzarəti ələ keçirib. Bununla husilərin Qırmızı dəniz sahilində mövqelərini əhəmiyyətli dərəcədə genişləndirdiyi bildirilir.
Hərəkatın Siyasi Bürosunun üzvü Xuzam əl-Əsədin sözlərinə görə, Perim adası və Taiz əyalətindəki Bab əl-Məndəb dairəsi də hazırda “Ənsar Allah”ın nəzarətindədir.
Məlumata görə, husi qüvvələri səhər saatlarında Taiz mühafəzəsinin cənub-qərbində yerləşən Dubab şəhərini də ələ keçiriblər.
Strateji mövqedə yerləşən Dubab şəhərinin nəzarətə götürülməsi Bab əl-Məndəb boğazı ətrafında vəziyyət baxımından xüsusi əhəmiyyət daşıyır. Sözügedən boğaz beynəlxalq dəniz ticarəti və neft daşımalarının əsas marşrutlarından biridir.
Xatırladaq ki, daha əvvəl Yəmən hakimiyyəti ölkənin rəsmi paytaxtına nəzarətin bərpa edilməsi barədə qərar qəbul edib.
