BMT rəsmisi: Bakı iqlim əməkdaşlığında mühüm istinad nöqtəsidir
Bakı beynəlxalq iqlim əməkdaşlığının inkişafında mühüm yer tutur.
Bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil Dördüncü İqlim Həftəsinin (CW4) rəsmi açılış mərasimində yayımlanan videomüraciətində bildirib.
“Bakı beynəlxalq iqlim əməkdaşlığının son dövr tarixində olduqca mühüm yer tutur”, – deyə Saymon Stil qeyd edib.
BMT rəsmisi xatırladıb ki, COP29-da ölkələr 2035-ci ilədək illik 300 milyard dollar həcmində yeni qlobal iqlim maliyyələşməsi hədəfi barədə razılığa gəliblər. Eyni zamanda dövlət və özəl mənbələrdən iqlim maliyyələşməsinin həmin tarixədək ildə ən azı 1,3 trilyon dollara çatdırılması üçün birgə fəaliyyətə çağırış edilib.
Onun sözlərinə görə, “Bakıdan Belemə Yol Xəritəsi” iqlim maliyyəsinin ən çox ehtiyac duyulan istiqamətlərə yönəldilməsi məqsədilə praktiki tədbirləri müəyyənləşdirib.
Saymon Stil Bakının yalnız simvolik əhəmiyyət daşımadığını, həm də iqlim üzrə razılaşmaların real nəticələrə çevrilməsinin qiymətləndirilməsi baxımından mühüm istinad nöqtəsi olduğunu bildirib.
“Bu, danışıqlar masasında verilən vədlərin real layihələrə, investisiyalara və insanların həyatını yerindəcə qoruyan konkret tədbirlərə çevrilib-çevrilmədiyini göstərən bir sınaqdır”, – deyə o vurğulayıb.
BMT rəsmisi iqlim sahəsində beynəlxalq əməkdaşlığın mühüm nəticələr verdiyini qeyd edib. O bildirib ki, hazırda real iqtisadiyyatda transformasiya prosesi sürətlənir.
Saymon Stilin sözlərinə görə, təmiz enerjiyə yatırılan investisiyaların həcmi ildə 2 trilyon dolları ötüb. O əlavə edib ki, bərpa olunan enerji mənbələri kömürü geridə qoyaraq dünyanın əsas enerji mənbəyinə çevrilib və bu fərqin gələcəkdə daha da artacağı gözlənilir.
