Dərmana davamlı vərəm ştammının coğrafiyası genişlənir – Rusiyada da aşkarlanıb
Belarusda geniş yayılan “EurA1.1” adlı yüksək dərmana davamlı vərəm ştammının Rusiyada da yayıldığı müəyyən edilib.
Bu barədə Dublin Şəhər Universitetinin alimlərinin apardığı və npj Antimicrobials and Resistance jurnalında yayımlanan elmi araşdırmada bildirilib.
Məlumata görə, alimlər 1 362 vərəm bakteriyası genomunu təhlil ediblər. Araşdırma nəticəsində yüksək dərman davamlılığı ilə xarakterizə olunan “EurA1” qrupu müəyyənləşdirilib. Onun “EurA1.1” alt qrupunun isə əsasən Belarusda yayıldığı, lakin digər ölkələrdə də rast gəlindiyi üzə çıxıb.
Bu ştammın nümunələri Rusiya, Almaniya, Ukrayna, Gürcüstan və Moldovada qeydə alınıb. Bundan başqa, “EurA1” qrupuna aid nümunələr ABŞ, Avstraliya, Botsvana və İranda da aşkarlanıb.
Tədqiqat müəllifləri nəticələrin dərmana davamlı vərəmin ölkələrarası yayılmasının qarşısının alınması baxımından əhəmiyyət daşıdığını bildiriblər.
