Fransalı siyasətçidən AfD ilə bağlı sərt açıqlama: “Qadağa inqilaba səbəb ola bilər”
Fransanın “Vətənpərvərlər” Partiyasının lideri Florian Filippo Almaniyada “Almaniya üçün Alternativ” (AfD) partiyasının fəaliyyətinin qadağan olunması ehtimalına münasibət bildirib.
Filippo “X” hesabında yayımladığı paylaşımda Almaniya kansleri Fridrix Mertsin AfD ilə bağlı açıqlamasını tənqid edib.
Fransalı siyasətçi kanslerin Almaniya konstitusiyasını ultra-sağçı hökumətdən qorumaq üçün bütün zəruri vasitələrə malik olduğu barədə fikirlərinə diqqət çəkərək AfD-nin qadağan edilməsi prosesinin gündəmə gəlib-gəlmədiyini soruşub.
“Bu kontekstdə Mertsin bəyanatı çox qəribə səslənir. Belə bir qadağa ölkədə inqilaba səbəb olar”, - deyə Filippo bildirib.
Xatırladaq ki, Saksoniya-Anhalt parlamentinə keçirilən seçkilərdə AfD 43,8 faiz səslə birinci olub. CDU 17,2 faiz nəticə göstərib.
AfD-nin həmsədri Alisa Vaidel seçkilərdə əldə olunan nəticəni kansler Fridrix Mertsin siyasətinin uğursuzluğu ilə izah edib.