Avropaya səfər edənlər üçün yeni mərhələ: Sərhəddə uzun növbələr gözlənilir
Avropaya səfər edənlər üçün yeni sərhəd qaydalarının tətbiqində növbəti mərhələyə keçilir. Giriş-Çıxış Sisteminin (EES) tətbiqi ilə bağlı sərhəd keçidlərindəki müvəqqəti güzəşt müddəti sentyabrın 6-da başa çatır.
EES Şengen bölgəsinə daxil olan və oranı tərk edən Aİ üzvü olmayan ölkələrin vətəndaşlarının məlumatlarını rəqəmsal şəkildə qeydə alır.
Sistemə sərnişinin şəxsi məlumatları ilə yanaşı, üz görüntüsü və barmaq izləri də daxil edilir. Biometrik məlumatlar ilk giriş zamanı götürülür. Qısamüddətli Şengen vizası olan şəxslərin barmaq izləri isə əvvəlcədən viza müraciəti zamanı qeydə alındığı üçün təkrar prosedurdan keçirilmir. 12 yaşdan aşağı uşaqlardan barmaq izi alınmır.
Yeni sistemin tətbiqi bəzi hava limanlarında sərhəd nəzarətində növbələrin uzanmasına səbəb olub. IATA bildirir ki, EES-dən əvvəl 20-25 saniyə çəkən pasport yoxlaması hazırda orta hesabla 90 saniyəyə qədər davam edir.
Bəzi böyük hava limanlarında vəziyyət daha ciddi olub. Frankfurtda orta gözləmə müddəti 120 dəqiqəyə, Münhendə 60 dəqiqəyə yüksəlib. Amsterdam Hava Limanında isə maksimum gözləmə müddəti 120 dəqiqəyə çatıb.
Sərhədlərdə yaranan sıxlığın qarşısını almaq üçün EES-in tətbiqi zamanı müvəqqəti çeviklik tədbirləri həyata keçirilib. Lakin həmin müddət sentyabrın 6-da başa çatır.
IATA bu tədbirlərin qış uçuş cədvəlinin sonuna qədər uzadılmasını tələb edir. Təşkilat sərhəd məntəqələrində texniki imkanların artırılmasını, avtomatlaşdırılmış keçidlərin genişləndirilməsini və əlavə personalın cəlb olunmasını təklif edib.
EES-in əsas məqsədlərindən biri isə Şengen ərazisində qalma müddətinə nəzarəti gücləndirməkdir. Müəyyən edilmiş müddəti aşan şəxslərlə bağlı məlumatlar sistemdə saxlanılacaq. Eyni zamanda, girişinə icazə verilməyən şəxslər barədə də elektron qeyd yaradılacaq.
Bu məlumatlar gələcək sərhəd keçidləri və viza müraciətləri zamanı nəzərə alına bilər. Bununla belə, diplomatlar, uzunmüddətli viza sahibləri və yaşayış icazəsi olan şəxslər kimi bəzi kateqoriyalar sistemdən kənarda qalır.
