Sərnişin hücumda hücuma keçdi: Reys təcili eniş etdi
ABŞ-də Dallas-Fort-Uortdan Nyuarka uçan “American Airlines” aviaşirkətinə məxsus təyyarədə sərnişinin aqressiv davranışı ciddi gərginliyə səbəb olub.
Ətrafındakı sərnişinlərə hücum edən şəxs əvvəlcə plastik qandallarla zərərsizləşdirilib, daha sonra isə oturacağına yapışqan lentlə bağlanıb.
Hadisə “American Airlines”in 618 nömrəli reysində baş verib. İnsident səbəbindən təyyarə təcili eniş üçün Baltimora istiqamətləndirilib.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) uçuş heyətindən sərnişinin yaratdığı insidentlə bağlı məlumat daxil olduğunu açıqlayıb.
CNN-ə danışan sərnişinlər Riçard Olenik və Xuan Mejianın sözlərinə görə, birinci sinif bölməsində oturan sərnişin uçuşun yarısından çoxu geridə qaldıqdan sonra aqressiv davranmağa başlayıb.
Bildirilir ki, stüardessaya müdaxilə etməyə çalışan sərnişin daha da qəzəblənərək əvvəlcə yanındakı şəxsə, daha sonra isə onu sakitləşdirməyə çalışan qadına zərbə endirib.
Hadisəyə təqaüddə olan Nyu-Cersi polisi Xuan Mejia müdaxilə edib. Daha sonra Riçard Olenik də sərnişini zərərsizləşdirməyə kömək edib.
Şahidlərin sözlərinə görə, həmin şəxs söyüş söyüb, irqçi və homofob ifadələr işlədib. Stüardessa üç sərnişinə plastik qandallar təqdim edib.
Üç sərnişin müqavimət göstərən şəxsin əllərini plastik qandallarla bağlasa da, o, müqavimət göstərməyə davam edib. Şübhəli daha sonra Mejianı dişləyib və Oleniki də dişləməyə çalışıb.
Bundan sonra stüardessanın verdiyi qablaşdırma lentindən istifadə edilərək sərnişin oturacağına bağlanıb. Olenikin sözlərinə görə, şəxsin ağzı nəfəs almasına mane olacaq şəkildə lentlə bağlanmayıb.
Oturacağına bağlandıqdan sonra da müqavimət göstərməyə davam edən şəxsin hərəkət imkanları ciddi şəkildə məhdudlaşdırılıb.
Təyyarə daha sonra Merilend ştatının Baltimor şəhərinə təcili eniş etmək üçün istiqamətini dəyişib. Olenikin sözlərinə görə, enişə təxminən 15 dəqiqə qalmış o, sərnişinin yenidən hücum etməsinin qarşısını almaq üçün onun dizlərinin üzərində oturub.
