Dünya xəritəsi dəyişə bilər: BMT-dən Merkator proyeksiyasına alternativ qərar

BMT-dən xəritələrlə bağlı mühüm qərar: Merkator proyeksiyasına alternativ dəstəkləndi BMT Baş Assambleyası dünyada əsrlərdir geniş istifadə olunan Merkator xəritə proyeksiyasına alternativ yanaşmanın təşviqini dəstəkləyib. “Qafqazinfo” xəbər verir ki, Afrika ölkələrinin təşəbbüsü və Afrika İttifaqının dəstəyi ilə hazırlanan qətnamə 164 ölkənin səsi ilə qəbul edilib. ABŞ sənədə qarşı səs verən yeganə ölkə olub.
Serbiya, Estoniya, Gürcüstan, Litva, Moldova və Ukrayna isə bitərəf qalıb. 1569-cu ildə flamand kartoqrafı Gerardus Merkator tərəfindən əsasən naviqasiya məqsədilə hazırlanan proyeksiya qütblərə yaxın əraziləri real ölçüsündən daha böyük göstərir. Məsələn, Merkator xəritəsində Qrenlandiya Afrika ilə təxminən eyni ölçüdə təsvir olunur. Halbuki Afrikanın səth sahəsi Qrenlandiyadan təxminən 14 dəfə böyükdür.
Qətnamədə qitələrin faktiki səth sahələrini daha dəqiq əks etdirən Bərabər Yer proyeksiyasından istifadənin təşviq olunması nəzərdə tutulur. Bu yanaşmada Afrika daha böyük, Avropa, Şimali Amerika və Qrenlandiya isə Merkator xəritəsi ilə müqayisədə daha kiçik görünür. ABŞ isə qətnamənin kartoqrafik məsələlərdən kənara çıxaraq “ideoloji gündəm” daşıdığını və beynəlxalq sülh, rifah və münasibətlər kimi daha mühüm məsələlərdən diqqəti yayındıra biləcəyini bildirib. Qeyd edək ki, qətnamə məcburi hüquqi qüvvəyə malik deyil və Merkator proyeksiyasını qadağan etmir. Sözügedən proyeksiyanın dənizçilik və aviasiya kimi sahələrdə texniki üstünlükləri hələ də qalır.
Yeni qərar hökumətləri, beynəlxalq təşkilatları və digər qurumları Yer kürəsinin qitələrini və onların faktiki ərazilərini daha dəqiq göstərən xəritə proyeksiyalarından istifadəyə təşviq edir.
Təşəbbüsü dəstəkləyən “Xəritəni DÜZƏLDİN” kampaniyası isə Bərabər Yer xəritəsinin məktəblərdə, dərsliklərdə, mediada və rəqəmsal platformalarda daha geniş istifadəsinə nail olmağı hədəfləyir