Tramp: ABŞ Hörmüz boğazında 28 gəmini məhv edib
ABŞ Prezidenti Donald Tramp ABŞ hərbçilərinin sentyabrın 1-nə keçən gecə Hörmüz boğazında 28 gəmini məhv etdiyini açıqlayıb.
Tramp bu barədə “Lt. Dan” podkastının müəllifi Den Patrikə müsahibəsində danışıb. ABŞ lideri bildirib ki, hazırda Vaşinqton Hörmüz boğazına nəzarət edir.
“İran heç vaxt nüvə silahına sahib olmayacaq. Hazırda Hörmüz boğazına nəzarət edirik. Ötən gecə 28 qayıq, 28 gəmini məhv etdik”, – Tramp deyib.
ABŞ Mərkəzi Komandanlığı sentyabrın 1-də Hörmüz boğazı yaxınlığında İranın hava hücumundan müdafiə sistemləri, radarları və dəniz obyektlərinə zərbələr endirildiyini açıqlamışdı. Vaşinqton hücumları İranın kommersiya gəmilərinə və bölgədəki ABŞ qüvvələrinə qarşı təhlükə yaratması ilə əsaslandırıb.
Bundan sonra İran ABŞ-ın bölgədəki qüvvələrinə və müttəfiqlərinə qarşı raket və pilotsuz uçuş aparatları ilə cavab zərbələri endirib. Qarşıdurmanın yenidən kəskinləşməsi Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi ilə bağlı narahatlıqları da artırıb.
