İstanbulda yaşayış kompleksində yanğın: 42 nəfər tüstüdən zəhərləndi

İstanbulun Esenyurt rayonunda yaşayış kompleksində baş verən yanğın nəticəsində 42 nəfər tüstüdən zəhərlənib.
Hadisə saat 19:15 radələrində Yeşilkent məhəlləsində qeydə alınıb. İlkin məlumata görə, yaşayış kompleksinin dayanacağında avtomobil naməlum səbəbdən alışıb. Alov qısa müddətdə 28 mərtəbəli binaya keçib.
Hadisə yerinə Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) əməkdaşları və digər xilasetmə qrupları cəlb olunub. Yanğın qısa müddətdə nəzarətə götürülərək söndürülüb.
Tüstüdən zəhərlənən şəxslərin bir qisminə hadisə yerində tibbi yardım göstərilib, digərləri isə təcili tibbi yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıb.
Yanğınsöndürənlərin işlərini başa çatdırmasından sonra binanın sakinlərinin evlərinə qayıtmasına icazə verilib. Yanğının dəqiq səbəbləri araşdırılır