Kallas: Aİ ölkələri Rusiyaya qarşı yeni viza məhdudiyyətləri məsələsində razılaşa bilmədi
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bəzi Aİ ölkələrinin Rusiyaya qarşı yeni viza məhdudiyyətlərinin tətbiqinə qarşı çıxdığını açıqlayıb.
Kallas bu barədə İrlandiyanın Uiklou qraflığında keçirilən Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən sonra mətbuat konfransında danışıb. Görüş sentyabrın 1-2-də keçirilib.
Onun sözlərinə görə, nazirlər Rusiyaya qarşı viza məhdudiyyətlərinin sərtləşdirilməsi məsələsini ətraflı müzakirə ediblər. Lakin Kallas bəzi ölkələri bu təşəbbüsü dəstəkləməyə inandıra bilmədiyini bildirib.
Aİ-nin baş diplomatı hansı ölkələrin yeni məhdudiyyətlərə qarşı çıxdığını açıqlamayıb.
Bununla yanaşı, görüşdə Rusiyanın dondurulmuş suveren aktivlərinin müsadirəsi imkanları da müzakirə olunub. Bu məsələ ilə bağlı da Aİ ölkələri arasında yekdil mövqe formalaşmayıb.
Qeyd edək ki, Kallasın son açıqlamalarına görə, Aİ-də Rusiya vətəndaşları, o cümlədən Rusiya ordusunun hazırkı və keçmiş üzvləri üçün viza qaydalarının sərtləşdirilməsi istiqamətində geniş dəstək mövcuddur, lakin bəzi məsələlər üzrə fikir ayrılıqları qalır.
