İranda etirazlara görə tacirə 1 il həbs və 31 şallaq cəzası verildi
İranda 2026-cı ilin yanvarında keçirilən etirazlarla əlaqədar saxlanılan Qorve sakini Hejir Yaqubi bir il müddətinə azadlıqdan məhrum edilib və 31 şallaq cəzasına məhkum olunub.
Bu barədə HRANA “Kolbar News”a istinadən məlumat yayıb.
Məlumata görə, cinayət məhkəməsinin çıxardığı və Yaqubiyə təqdim edilən qərara əsasən, ona 1 il həbs və 31 şallaq cəzası təyin edilib.
Qorvedə mağaza sahibi olan Hejir Yaqubi 2026-cı ilin yanvarında mağaza və bazar sahiblərinin tətili ilə bağlı keçirilən etirazlar zamanı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. O, müəyyən müddət həbsdə qaldıqdan sonra məhkəmə prosesinin yekunlaşmasını gözləmək üçün girov qarşılığında müvəqqəti azadlığa buraxılıb.
Etirazlar necə başlamışdı?
İranda mağaza və bazar sahiblərinin etirazları və tətilləri 2025-ci il dekabrın 28-də Tehranda başlayıb. Sonrakı iki gün ərzində aksiyalar paytaxtın ticarət mərkəzlərindən kənara yayılıb və tələbələr, vətəndaşlar və müxtəlif sosial qrupların iştirakı ilə genişmiqyaslı etirazlara çevrilib.
HRANA-nın məlumatına görə, təhlükəsizlik və hüquq-mühafizə qüvvələrinin müdaxiləsi nəticəsində minlərlə insan öldürülüb və ya yaralanıb, on minlərlə şəxs isə saxlanılıb və ya təhlükəsizlik orqanlarına çağırılıb.
Qeyd: Ölən və yaralananların sayı ilə bağlı məlumatlar müstəqil şəkildə təsdiqlənməyib və HRANA-nın təqdim etdiyi məlumatlara əsaslanır.
