Nepalda güclü daşqında 2 456 nəfər itkin düşüb
Nepalda baş verən genişmiqyaslı daşqın nəticəsində 2 456 nəfər itkin düşmüş hesab olunur. Bu barədə respublikanın Təbii Fəlakət Risklərinin Azaldılması və Fəsadların Aradan Qaldırılması üzrə Milli İdarəsinə istinadən TASS məlumat yayıb.
Məlumata görə, axtarış-xilasetmə əməliyyatlarına ümumilikdə 14 889 nəfər cəlb olunub. Hazırda xilasedicilər daşqından zərər çəkən 4 350-dən çox şəxsi xilas ediblər.
İtkin düşənlər arasında 213 nəfərin xarici ölkə vətəndaşı olduğu bildirilir.
Nepalda qəfil daşqın 26 avqustda Çinlə sərhəddə yerləşən Rasua rayonunda baş verib. Tibet ərazisində baş verən zəlzələ və torpaq sürüşməsi Lxende çayının qarşısını kəsib. Çayın qarşısında yaranan maneənin dağılması nəticəsində Bhote-Koşi çayında suyun səviyyəsi kəskin yüksəlib və güclü sel meydana gəlib.
Reuters-in Qızıl Xaçın məlumatlarına istinadən yaydığı xəbərə görə, təbii fəlakət nəticəsində ən azı 93 min nəfər zərər çəkib.
İtkin düşənlər arasında Rusiya vətəndaşlarının da olduğu bildirilir. Nepalın Turizm İdarəsinin məlumatına görə, daşqından sonra 31 turist xilas edilib, onların arasında iki Rusiya vətəndaşı da olub.
