Venesiya hakimiyyəti Mestre rayonunda məscid layihəsini dayandırıb

İtaliyanın Venesiya şəhərinin hakimiyyət orqanları şəhərin materik hissəsində yerləşən Mestre rayonunda məscidin tikintisi layihəsinin icrasını dayandırıb.
“Il Fatto Quotidiano”nun məlumatına görə, Banqladeşdən olan yerli icma 8 min kvadratmetr sahəsi olan torpaq sahəsi alıb və əvvəlki şəhər administrasiyası məscidin tikintisi layihəsini təsdiqləyib.
Venesiya şəhərinin yeni meri Simone Venturini qərarı yenidən nəzərdən keçirib və hazırda layihənin həyata keçirilməsi üçün lazımi şərtlərin olmadığını bildirib. Layihə yalnız məscidin deyil, tamhüquqlu İslam mərkəzinin yaradılmasını nəzərdə tuturdu.
Məlumata görə, rayonda yaşayan Banqladeş əsilli müsəlman icmasının sayı ümumi əhalinin təxminən 20 faizini təşkil edir. İcma hakimiyyətin qərarına narazılığını bildirib və tətil keçirə biləcəyi ilə bağlı xəbərdarlıq edib. Belə bir tətilin sənaye zonalarındakı yerli müəssisələrlə yanaşı, turizm sektoruna da təsir göstərə biləcəyi bildirilir. Çünki icma üzvlərinin bir çoxu restoran və hotellərdə çalışır.
İtaliyanın nəqliyyat naziri və baş nazirin müavini Matteo Salvini də məscidin tikintisinə qarşı çıxıb. O bildirib ki, rəhbərlik etdiyi “Liqa” partiyası İslam dini obyektlərinin yerləşdirilməsini İtaliya qanunvericiliyinə və ölkənin ənənələrinə uyğun şəkildə tənzimləyən qanun layihəsi təqdim etmək niyyətindədir.