Tbilisidə məşhur modernist kompleks sökülür – qərar etirazlara səbəb oldu
Reuters-in məlumatına görə, Gürcüstanın paytaxtı Tbilisidə yerləşən və italyan memarları Massimiliano və Doriana Fuksas tərəfindən layihələndirilən məşhur “Rike Tubes” kompleksinin sökülməsi ciddi narazılıq yaradıb.
2011–2012-ci illərdə, Mixeil Saakaşvilinin hakimiyyəti dövründə inşa edilən Rike Park Musiqi Teatrı və Sərgi Salonu tam istifadəyə verilməyib və illərdir faktiki olaraq boş qalıb. Müasir boru formalı arxitekturası ilə Tbilisinin tarixi mərkəzində kəskin şəkildə seçilən bina şəhərin simvollarından birinə çevrilmişdi.
Hazırda söküntü işləri davam edir. Tbilisi meriyasının Memarlıq Xidməti iyun ayında söküntüyə icazə verib. Şəhər sənədinə əsasən, işlərin 25 dekabr 2026-cı ilədək başa çatdırılması planlaşdırılır.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu ilin mayında kompleksi tənqid edərək onun paytaxtın görünüşünə uyğun olmadığını bildirib.
Lakin binanın sökülməsi şəhər sakinləri və memarlar arasında etiraz doğurub. Yerli sakinlərdən biri binanın görünüşünü bəyənmədiyini, amma dövlətin prioritetinin dağıtmaq yox, tikmək olmalı olduğunu deyib. Onun sözlərinə görə, söküntüyə xərclənən vəsait məktəblilər üçün pulsuz yeməklərə və aztəminatlı insanların dərman təminatına yönəldilə bilərdi.
Söküntü başlamazdan əvvəl turistlər də binanın son görüntülərini çəkmək üçün əraziyə axın ediblər.
Kompleksin müəlliflərindən Massimiliano Fuksas isə binanın sökülməsi ilə bağlı minlərlə dəstək məktubu aldıqlarını və insanların tikilini Tbilisinin ən simvolik binalarından biri hesab etdiklərini bildirib.
Beləliklə, illərdir istifadəsiz qalan və şəhər üçün mübahisəli memarlıq nümunəsinə çevrilən bina ilə bağlı əsas sual artıq onun gözəl və ya çirkin olması deyil: istifadəyə verilməmiş milyonlarla manatlıq layihəni sökmək nə dərəcədə düzgün qərardır?
