Finlandiya Prezidenti: 1941-1944-cü illərdə SSRİ ilə müharibəni müstəqillik uğrunda mübarizə hesab edirik
Alexander Stubb bildirib ki, Finlandiyanın 1941-1944-cü illərdə SSRİ-yə qarşı apardığı müharibə ölkəsi üçün “müstəqillik, suverenlik və ərazi bütövlüyü uğrunda” mübarizə olub.
Stubb bu fikirləri “European Pravda”ya müsahibəsində səsləndirib. Onun sözlərinə görə, Finlandiya həmin müharibə nəticəsində müstəqilliyini qoruyub saxlasa da, ərazilərinin bir hissəsini itirib.
Finlandiya Prezidenti həmin dövrü “müdafiə qələbəsi” kimi qiymətləndirərək, ölkəsinin əsas nailiyyətinin bir dövlət və xalq kimi mövcudluğunu qoruması olduğunu deyib. O, Finlandiyanın ərazi itkiləri ilə barışdığını, lakin Ukrayna üçün eyni nəticənin qaçılmaz olmadığını vurğulayıb.
Tarixi baxımdan 1941-1944-cü illərdəki Sovet-Fin müharibəsi İkinci Dünya müharibəsinin tərkib hissəsi olan “Davam müharibəsi” kimi tanınır. Finlandiya bu dövrdə nasist Almaniyası ilə hərbi əməkdaşlıq edib və əsas məqsədlərindən biri 1939-1940-cı illərdəki Qış müharibəsi nəticəsində itirdiyi əraziləri geri qaytarmaq olub. Almaniyanın hərbi qüvvələri də Finlandiya ərazisindən SSRİ-yə qarşı əməliyyatlarda istifadə edib.
1944-cü ildə sovet qoşunlarının hücumlarından sonra Finlandiya SSRİ ilə sülh danışıqlarına başlayıb. Ölkə 1940-cı il sərhədlərini qəbul edib, Petsamo ərazisini Sovet İttifaqına verib, reparasiya ödəməyi və Almaniya qoşunlarının Finlandiya ərazisindən çıxarılmasını öhdəsinə götürüb.
Stubb müsahibəsində Ukraynanın Avropa İttifaqına üzvlüyünün Kiyev üçün Rusiya ilə münaqişədə “ən yaxşı nəticə” olacağını da bildirib. O, zərurət yaranacağı təqdirdə Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda vasitəçi kimi çıxış etməyə hazır olduğunu da söyləyib.
