Aİ Ukraynaya Patriot sistemlərinin alınmasına hələ icazə verməyib
Avropa Komissiyası Ukraynanın Avropa İttifaqının hərbi maliyyələşdirmə proqramı çərçivəsində ayrılan vəsait hesabına ABŞ-dan “Patriot” hava hücumundan müdafiə sistemləri almasına hələlik icazə verməyib.
Avropa Komissiyasının nümayəndəsi Baloş Uyvary brifinq zamanı bildirib ki, söhbət Aİ-nin Ukraynaya hərbi dəstək məqsədilə nəzərdə tutduğu 90 milyard avroluq maliyyələşdirmə proqramından gedir.
Onun sözlərinə görə, Kiyevin həmin vəsaitdən istifadə etməklə ABŞ-dan “Patriot” sistemləri alması məsələsi ilə bağlı Avropa Komissiyasının yekun razılığı hələ verilməyib.
Məsələ Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi fonunda xüsusi əhəmiyyət daşıyır. “Patriot” sistemləri müasir hava hücumundan müdafiə vasitələri sırasında yer alır və ballistik raketlər, qanadlı raketlər və digər hava hədəflərinə qarşı istifadə olunur.
Avropa İttifaqının Ukraynaya uzunmüddətli maliyyə və hərbi dəstəyinin əsas istiqamətlərindən biri ölkənin müdafiə qabiliyyətinin artırılmasıdır. Bununla belə, Aİ vəsaitlərinin konkret silah sistemlərinin alınmasına yönəldilməsi müəyyən prosedurlar və razılaşdırma mexanizmlərindən keçir.
Qeyd edək ki, Avropa Komissiyasının açıqlamasında Ukraynanın ABŞ-dan “Patriot” sistemləri almasına prinsipial etiraz bildirildiyi qeyd olunmayıb. Hazırda əsas məsələ bu alışın Aİ-nin müvafiq hərbi maliyyələşdirmə proqramı çərçivəsində həyata keçirilməsinə icazənin verilməməsidir.
