Danimarka və Qrenlandiya XİN başçıları Ağ Evə səfərdən sonra mətbuat konfransı keçirəcək

Danimarka və Qrenlandiyanın xarici işlər nazirləri Lars Lyökke Rasmussen və Vivian Motsfeldt Ağ Evə səfərlərindən sonra mətbuat konfransı ilə çıxış edəcəklər. Bu barədə RIA Novosti məlumat yayıb.
Gözlənilir ki, nazirlər Vaşinqtonda yerləşən Danimarka səfirliyində bəyanatlarla çıxış edəcəklər.
Yanvarın 14-də Ağ Evdə ABŞ-ın vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio Rasmussen və Motsfeldt ilə görüş keçiriblər. Danışıqlar ABŞ prezidenti Donald Trampın Danimarkadan Qrenlandiyadan “dərhal çıxmağı” tələb edən son bəyanatları fonunda baş tutub.
Qeyd edək ki, yanvarın 5-də Donald Tramp ABŞ-ın milli təhlükəsizliyini təmin etmək məqsədilə Qrenlandiyanı ələ keçirmək planları olduğunu açıqlamış, daha sonra isə Birləşmiş Ştatların adanı “bu və ya digər şəkildə” əldə edəcəyini bildirmişdi.
Danimarkanın baş naziri Mette Frederiksen Qrenlandiyanın zorla ələ keçirilməsinin NATO-nun sonu ola biləcəyini vurğulayıb. Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsen isə bildirib ki, Qrenlandiya satılmır və ada əhalisi amerikalı olmaq istəmir.
Urbaninfo.az