Fransada fermerlər etiraza qalxdı: traktorlarla Parisə daxil oldular

Fransada kənd təsərrüfatı sahəsində çalışan fermerlər etiraz aksiyası keçiriblər. Yerli mənbələrin məlumatına görə, fermerlər traktorlarla Parisə daxil olaraq paytaxtın mərkəzi hissələrində aksiya təşkil ediblər.
Urbaninfo.az xəbər verir ki, traktor karvanları Eyfel qülləsi və Zəfər tağı ətrafında toplaşıb. Etiraz aksiyası Avropa İttifaqı ilə Cənubi Amerikanın MERCOSUR bazarı arasında imzalanmış azad ticarət sazişinə qarşı yönəlib.
Fermerlər hesab edirlər ki, bu razılaşma Avropa kənd təsərrüfatına ciddi zərbə vuracaq, yerli istehsalçıların rəqabət imkanlarını zəiflədəcək və fermer təsərrüfatlarını çətin vəziyyətə salacaq.
Aksiya zamanı ərazilərdə polis qüvvələri müşahidə edilsə də, hüquq-mühafizə orqanları etirazçılara mane olmayıb və aksiya əsasən dinc şəraitdə keçib.
Qeyd edək ki, Fransada MERCOSUR razılaşmasına qarşı etirazlar ilk dəfə deyil. Ötən ilin sentyabrında ölkənin aparıcı aqrar həmkarlar ittifaqlarından biri – Fermerlər İttifaqları Milli Federasiyası (FNSEA) də hökumətin siyasətinə qarşı kütləvi etiraz aksiyalarına çağırış etmişdi. Həmin dövrdə Fransada keçirilən aksiyalarda ümumilikdə 200 minə yaxın insan, Parisdə isə təxminən 14 min nəfər iştirak edib.