Bizim bəlamız normadan artıq yağış yağması yox, korrupsiyanın miqyasındadır
Bizim bəlamız normadan artıq yağış yağması yox, korrupsiyanın miqyasındadır.
Uzun illər cürbəcür vəzifələrdə olmuş bir insan kimi çox yaxşı bilirəm ki, ən asan şey tənqid etməkdir. Onu da bilirəm ki, uzun illərin ən çox miqdarda yağış yağıb. Bununla belə, hər şeyi təbiətin boynuna atmaq, başqa ölkələrdə də belə hallar olur demək, bunu mətbuatda tirajlamaq gözə kül üfürməkdir. Bu gün səhərdən axşama qədər işlərimlə bağlı şəhərdə olmuşam. Bir daha əmin oldum ki, şəhərdə baş verən biabırçılıqlar tək təbiətlə bağlı deyil. Bunun əsas səbəbi məmur məsuliyyətsizliyi və ən əsası korrupsiyadır. Mən başqaları kimi ancaq tənqid etmək yox, həm də imkan olanda yazılarımda, görüşlərimdə çıxış yollarını da göstərmişəm və göstərirəm. İndi Sizə olmuş bir hadisəni çatdırım.
Təxminən 2005-ci ilin sonlarında Bakı şəhərində və ətrafında şıdırğı qanunsuz tikililər gedəndə ANS, SPACE və başqa TV-lərdə bu tikintilərdən sonra böyük problemləri yaşayacağımız barədə fikirlərimi paylaşırdım. Kimlərsə axtarmaq istəsə, bu barədə onlarla çıxışlarımı tapa bilərlər. Bakının mərkəzində bu qədər hündürmərtəbəli binaların böyük tıxaclar doğuracağını, kanalizasiya sisteminin yüklülüyündən çirkli suların küçələrlə axacağını, şəhərə gələn su borularının həcminin azlığına görə binalarda su problemlərinin yaranacağını onlarla dəfə paylaşdım və çıxış yollarını göstərdim.
2005-ci il ölkə Prezidenti ilə görüşəndən sonra yüksək rütbəli məmurlarla görüşmək və fikirlərimi bölüşmək çox asan idi. Bu gün Bakı ətrafı kəndlərdə yaşanan problemləri görüb konkret bir faktı Sizinlə daha geniş bölüşürəm. Elə həmin vaxtlarda Ədliyyə Nazirliyinin bələdiyyələrlə işləyən idarəsinin rəisi (sonralar icra başçısı oldu) və Ədliyyə Nazirinin bələdiyyələr sahəsinin kuratoru sayılan Vilayət Zahirovla bir neçə dəfə görüşdüm. Onlara izah etdim ki, bir dəfə XX əsrin əvvəllərində Bakıda neft bumu yaşanan vaxtı insanlarda pul olanda onlarla qəsəbələr nizamsız salınıb (naxalstroylar, gecəqondular) və bu gün də hamı onun əziyyətini çəkir. İndi yenə neft pulları hesabına insanlar kütləvi şəkildə bələdiyyələrdən aldıqları torpaqlarda nizamsız şəkildə evlər tikirlər və bu da yaxın zamanlarda yeni problemlər və yaşayış məntəqələrində yeni eybəcərliklər yaradacaq. V.Zahirovla söhbətimiz səmimi olduğundan konkret təkliflər də verdim ki, onsuz da bələdiyyələr torpaqları dədə malı kimi satırlar. Sadəcə, əvvəlcədən müəyyən edin ki, hansı sahələr vətəndaşlara satılacaq və həmin ərazinin planını tərtib edin. Əvvəlcədən yolları, kanalizasiya sistemlərini, telefon, işıq xətlərini (o vaxtlar bunun üçün dirəklər basdırılırdı), ərazidə olacaq məktəb, tibb məntəqəsi, mağazalar və yaşayış məntəqəsində ehtiyac olan digər obyekt yerlərini müəyyən edin. Bundan sonra bələdiyyələr yenə də torpaqları necə istəyirlər elə də satsınlar.
Elə həmin vaxtlar bu barədə təkliflərimi Prezident Administrasiyasına da göndərdim. Təxminən bir il bu barədə çalışdım. Sonra başa düşdüm ki, heç kim bu təkliflə razı deyil. Ona görə yox ki, razı deyildilər. Ona görə ki, bu cür olacağı təqdirdə minlərlə məmur milyonlar yox, milyardlarla rüşvətdən məhrum olacaqlar. Məhz buna görə təklif etdiyim yolu seçmədilər.
Bundan başqa, dünyanın heç bir yerində asfalt küçələri su axını üçün kollektorlarsız olmur. Bizdə isə ya kollektor yoxdur, yaxud var, ancaq yararsız çəkilib. Bu da savadsızlıqdan yox, acgözlükdən, korrupsiyanın tüğyan etməsindən əmələ gəlir.
Ona görə də hamı bilməlidir ki, bizim bəlamız normadan artıq yağış yağması yox, korrupsiyanın miqyasındadır.
Məqalə Aslan İsmayılovun sosial media hesabından götürülüb.
Sosial şəbəkələrdə paylaş
