Arıqlatmır - populyar içki ilə bağlı miflər dağıdıldı
![]()
Sosial şəbəkələrdə sürətlə yayılan və “təbii arıqlama vasitəsi” kimi təqdim olunan “oatzempic” içkisinin gözlənilən effekti vermədiyi açıqlanıb. Urbaninfo.az xəbər verir ki, söhbət blenderdə çəkilmiş yulaf lopalarının su ilə qarışdırılmasından gedir. TikTok-da bloqerlər bu içkinin tez arıqlatdığını, uzunmüddətli toxluq hissi yaratdığını iddia etsələr də, alimlər bunun elmi əsasının olmadığını bildirirlər.
Mütəxəssislərin fikrincə, “oatzempic” nə dərmandır, nə də təsdiqlənmiş arıqlama üsulu. Adətən 1–2 xörək qaşığı yulaf su və ya şirə ilə qarışdırılır, bəzən limon şirəsi və ya darçın əlavə olunur. İçki əsasən səhər yeməyi əvəzinə və ya axşam çox yeməmək üçün tövsiyə edilir.
Doğrudur, belə içkidən sonra toxluq hissi yarana bilər. Bunun səbəbi yulafın tərkibində olan beta-qlükan adlı həll olunan lifdir. Bu maddə həzmi yavaşladır və mədə doluluğu hissini uzadır. Ancaq eyni təsir alma, sitrus meyvələri, kətan toxumu, paxlalılar və digər liflə zəngin məhsullarla da mümkündür.
Alimlər vurğulayır ki, toxluq hissi avtomatik olaraq davamlı çəki itkisi demək deyil. Arıqlamaq üçün balanslı qidalanma, fiziki aktivlik, normal yuxu və stressin azaldılması əsas şərtlərdir. Üstəlik, “oatzempic”lə bağlı heç bir klinik tədqiqat aparılmayıb, standart doza və uzunmüddətli təsir barədə məlumat yoxdur.
Adının məşhur arıqlama dərmanlarını xatırlatması da insanlarda yanlış təsəvvür yaradır. Halbuki həmin dərmanlar hormonal mexanizmlərlə işləyir, yulaflı içki isə belə təsirə malik deyil.
Dietoloqlar bildirir ki, bu içki bəzi hallarda neytral və ya qismən faydalı ola bilər. Məsələn, səhər yeməyini tam buraxmaq əvəzinə içildikdə. Amma tərkibində zülal, yağ və vacib mikroelementlər az olduğu üçün onu mütəmadi olaraq yeməyin əvəzi kimi istifadə etmək düzgün deyil. Bu, qida çatışmazlığına və həzm problemlərinə səbəb ola bilər.
Mütəxəssislər daha sağlam alternativ kimi yulaf, meyvə, zülal mənbəyi (qatıq, süd) və faydalı yağlar daxil olan adi smuziləri tövsiyə edirlər