"Kənd toyuğu" adı ilə hələ də alıcılar aldadılır
![]()
Xırdalan şəhərində yenə biabırçı fakt üzə çıxıb. Qazanc naminə insanların sağlamlığı ilə oynayan bir quş kəsimi sexində “kənd toyuğu” adı altında açıq-aşkar fırıldaq edilib.
AQTA-dan Urbaninfo az-a daxil olan məlumata görə yoxlama zamanı məlum olub ki, toyuqlar təbii deyil, sintetik kimyəvi maddə ilə – Tartrazin (E102) boyanıb. Məqsəd isə çox sadədir: toyuğu sarı rəngə sal, alıcını aldat, “kənd məhsuludur” deyib baha sat.
Əslində isə bu maddə adi boyadır. Üstəlik, insan sağlamlığı üçün risklidir – allergiya yarada bilər, həssas insanlarda ciddi problemlərə səbəb ola bilər. Yəni söhbət təkcə aldatmadan yox, sağlamlığa açıq təhlükədən gedir.
Bu qanunsuzluq Abşeron rayonu, Xırdalan şəhəri, M.Müşfiq küçəsi, ev 3 ünvanında fəaliyyət göstərən, Şahin Salahov adlı şəxsə məxsus quş kəsimi sexində aşkarlanıb. Sexin fəaliyyəti məhdudlaşdırılıb, toyuqların kəsimi və satışına qadağa qoyulub, məhsullar dövriyyədən çıxarılıb.
Amma sual açıq qalır: bu toyuqlar indiyə qədər neçə ailənin süfrəsinə gedib? Kim cavabdeh olacaq? İnsanları aldadıb zəhərli məhsul satanlara qarşı niyə daha sərt cəza tətbiq olunmur?
Qida təhlükəsizliyi kağız üzərində yox, real həyatda təmin olunmalıdır. Əks halda, “kənd toyuğu” adı ilə süfrəmizə kimyəvi boyalar girməyə davam edəcək.