Məsuliyyətsizlik insan həyatı bahasına başa gəlməməlidir

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətə yeni başlayan, cəmi 10 günün əsgəri olan Coşqun Zülfüqar oğlu Sadıqovun Mərkəzi Klinik Hərbi Hospitalda vəfat etməsi cəmiyyətdə ciddi narahatlıq doğurur. Mərhumun Masallı rayonunun Qızılağac kəndində dəfn olunması bu faciənin ailə və yaxınları üçün necə ağır olduğunu bir daha göstərir.
Təsdiqlənməyən məlumatlara görə, Coşqun Sadıqovun vərəm xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Əgər bu məlumat doğrudursa, minlərlə hərbçinin xidmət etdiyi hərbi hissəyə yoluxucu xəstəlik daşıyan bir şəxsin göndərilməsi təkcə həmin əsgərin deyil, bütün şəxsi heyətin sağlamlığı üçün ciddi təhlükədir. Bu isə artıq məsuliyyətsizlik deyil, cinayət səviyyəsində səhlənkarlıqdır.
Ortada cavabsız qalan çoxsaylı suallar var: Əgər əsgər xəstə idisə, niyə hərbi xidmətə yararlı sayılıb? Tibbi müayinələr necə və hansı səviyyədə aparılıb? Niyə hərbi hissə xəstə olduğu ehtimal edilən bir əsgəri vaxtında geri qaytarmayıb və lazımi müalicəyə yönəltməyib? Yox, əgər Coşqun Sadıqov sağlam idisə, necə olur ki, cəmi 10 gün ərzində ağır xəstələnərək həyatını itirir?
Bu sualların cavabsız qalması həm dövlət qurumlarına olan etimadı sarsıdır, həm də valideynlərin haqlı narahatlığını artırır. Təəssüf ki, bu, ilk hadisə deyil. Son illər dəfələrlə xəstə gənclərin “sağlam” adı ilə hərbi xidmətə aparılması, yaxud buna cəhd edilməsi ilə bağlı faktlar ictimailəşib. Nəticədə isə bəzən geri dönüşü olmayan faciələr yaşanır.
Hər bir gəncin orduda sağlam və təhlükəsiz xidmət etməsi dövlətin birbaşa məsuliyyətidir. Ordu intizamla yanaşı, insan həyatına və sağlamlığına hörmət üzərində qurulmalıdır. Tibbi yoxlamaların formal deyil, real və obyektiv şəkildə aparılması, hər bir əsgərin səhhətinə daim nəzarət olunması vacibdir.
Baş verən hadisə dərhal hərtərəfli araşdırılmalı, səhlənkarlığa yol verən və ya vəzifə borcunu layiqincə yerinə yetirməyən şəxslər qanun çərçivəsində məsuliyyətə cəlb olunmalıdır. Cəzasızlıq yeni faciələrə yol açır.
Allah Coşqun Sadıqova rəhmət eləsin, ailəsinə və yaxınlarına səbr versin. Bu acı hadisə bir daha göstərir ki, orduda sağlamlıq məsələlərinə biganə yanaşmaq insan həyatına başa gələ bilər. Buna son qoyulmalıdır.