The Washington Post jurnalisti ChatGPT-nin Apple Health inteqrasiyasını tənqid etdi

The Washington Post qəzetinin jurnalisti ChatGPT-nin Apple Health ilə yeni inteqrasiya funksiyasını öz şəxsi məlumatları üzərində sınaqdan keçirərək nəticələrdən narazı qalıb.
Reportyor Ceffri Fauler chat-bota Apple Watch vasitəsilə toplanmış 10 illik məlumatlara — təxminən 29 milyon addım və 6 milyon nəbz ölçümünə — çıxış imkanı verərək ürək-damar sisteminin vəziyyətini qiymətləndirməsini istəyib. OpenAI tərəfindən istifadəyə verilən ChatGPT Health xidməti çərçivəsində çalışan süni intellekt istifadəçiyə “F” — yəni çox aşağı qiymət verib.
Fauler bundan sonra öz müalicə həkiminə müraciət edib. Həkim isə süni intellektin nəticələrini tamamilə əsassız adlandıraraq bildirib ki, pasiyentin ürək xəstəlikləri riski o qədər aşağıdır ki, əlavə müayinələr böyük ehtimalla sığorta tərəfindən belə qarşılanmazdı.
Skripps İnstitutunun kardioloqu Erik Topol da chat-botun analizini əsaslandırılmamış hesab edib və bu cür tövsiyələrin hələ praktik istifadəyə hazır olmadığını vurğulayıb.
ChatGPT-nin qeyri-ardıcıl işləməsi də əlavə suallar doğurub. Təkrar sorğular zamanı sağlamlıq qiyməti “F”dən “B”yə qədər dəyişib, sistem isə məlumatlara çıxışı olmasına baxmayaraq istifadəçinin yaşı və cinsi kimi əsas bilgilərdə belə çaşqınlıq yaradıb. Anthropic şirkətinə məxsus rəqib Claude chat-botu bir qədər yaxşı nəticə göstərərək “C” qiyməti versə də, o da Apple Watch məlumatlarının məhdudiyyətlərini nəzərə almayıb.
Hər iki şirkət bildirir ki, onların alətləri həkimləri əvəz etmək və diaqnoz qoymaq üçün nəzərdə tutulmayıb. Bununla belə, ekspertlər qeyd edirlər ki, bu cür qiymətləndirmələr istifadəçiləri əsassız şəkildə qorxuda və ya əksinə, yanlış təhlükəsizlik hissi yarada bilər.
ChatGPT-nin Apple Health ilə inteqrasiyası hazırda məhdud sayda beta-istifadəçi üçün əlçatandır. OpenAI isə cavabların sabitliyini artırmaq üzərində işlədiklərini və servisi daha geniş istifadəyə verməzdən əvvəl qapalı rejimdə təkmilləşdirdiklərini açıqlayıb.