Beyləqan məktəbində kütləvi zəhərlənmə şübhəsi
14 şagird xəstəxanaya yerləşdirilib
Beyləqanın Eyvazalılar kəndində yerləşən Fəxrəddin Quliyev adına tam orta məktəbdə 14 şagirdin səhhətində problem yaranıb.
Əldə edilən məlumata görə, hadisə 7A sinfində “Texnologiya” dərsi zamanı şagirdlərin hazırladıqları hamburgeri yedikdən sonra baş verib. Özlərini pis hiss edən məktəblilər Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
TƏBİB-dən bildirilib ki, oktyabrın 9-da saat 12:00 radələrində zəhərlənmə şübhəsi ilə 14 nəfər, o cümlədən 7 qız və 7 oğlan xəstəxanaya yerləşdirilib. Şagirdlərə ilkin tibbi yardım göstərilib, hazırda müalicələri davam etdirilir. Onların vəziyyəti stabil qiymətləndirilir.
Qida Təhlükəsizliyi Agentliyi hadisəni nəzarətə götürərək araşdırmalara başlayıb. İlkin ehtimala görə, şagirdlərin səhhətindəki problem dərs zamanı hazırladıqları qidanı qəbul etdikdən sonra yaranıb.
Hadisənin səbəbləri araşdırılır.
