Sərnişinlər avtobus problemindən şikayətçidir
“BakuBus” gecikmələri tıxac və yol məhdudiyyətləri ilə əlaqələndirib
Paytaxtda və şəhərlərarası istiqamətlərdə avtobusların gecikməsi, dolu olması və tıxaclar sərnişinlərin gündəlik gediş-gəlişində çətinlik yaradır.
APA TV-yə danışan sərnişinlər avtobus gözləmək üçün uzun müddət dayanacaqlarda qaldıqlarını, bəzi marşrutlarda isə nəqliyyata minməkdə çətinlik çəkdiklərini bildiriblər.
Onlardan biri 2 nömrəli avtobusun təxminən 15 dəqiqədən bir gəldiyini, lakin dolu olduğu üçün bir neçə avtobusu buraxmalı qaldığını deyib. Digər sərnişin Sumqayıtdan gəldikdən sonra avtobusa minmək üçün iki saat gözlədiyini bildirib. 7A marşrutundan istifadə edən vətəndaş isə yolda üç saat vaxt itirdiyini qeyd edib.
“BakuBus” MMC-dən bildirilib ki, avtobusların hərəkəti onlayn monitorinq mərkəzi vasitəsilə daimi nəzarətdə saxlanılır. Şirkət yol sıxlığının, təmir işlərinin və müvəqqəti hərəkət məhdudiyyətlərinin marşrutlar üzrə intervallara təsir etdiyini vurğulayıb.
Açıqlamaya əsasən, 2 nömrəli marşrutda nəzərdə tutulan 7-8 dəqiqəlik interval faktiki olaraq 17 dəqiqə olub. 7A marşrutunda 4-5 dəqiqə əvəzinə 22 dəqiqə, E1 marşrutunda isə planlaşdırılan 16 dəqiqə əvəzinə 22 dəqiqəlik interval qeydə alınıb.
AYNA-ya məsələ ilə bağlı ünvanlanan sorğu isə cavabsız qalıb.
