Cəbrayılda minaya düşən şəxslərin vəziyyəti
Şəhid Ruhin Qəhrəmanovun atası və qardaşı xəstəxanadadır
Cəbrayıl rayonunda minaya düşən Əşrəf Qəhrəmanov və oğlu Orxan Qəhrəmanovun müalicəsi davam etdirilir.
TƏBİB-in məlumatına əsasən, 1966-cı il təvəllüdlü Əşrəf Qəhrəmanov oktyabrın 8-də saat 20:30-da Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Müayinələr zamanı onun sağ ayağında travmatik amputasiya xəsarətləri müəyyən edilib.
Cərrahi əməliyyat olunan pasiyentin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyəti stabildir.
2000-ci il təvəllüdlü Orxan Qəhrəmanovun xəsarətləri isə daha ağırdır. Onun sağ ayağının yuxarı, sol baldırının aşağı hissəsinin travmatik amputasiyası, həmçinin sağ bud nahiyəsində geniş toxuma zədələnməsi aşkarlanıb.
Əməliyyat edilən Orxan Qəhrəmanov hazırda reanimasiyada müalicə alır. Vəziyyəti ağır olaraq qiymətləndirilir.
Xatırladaq ki, minaya düşən şəxslər 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş Ruhin Qəhrəmanovun atası və qardaşıdır. Ruhin Qəhrəmanov Lələtəpə yüksəkliyinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub və ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.
