Hamilə müəllimlə müqavilə bağlanmayıb
77,5 bal topladığını deyən namizəd məktəbin qərarından şikayətçidir
İbtidai sinif müəllimi Nəzərova Zərxanım Əziz qızı Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında 77,5 bal topladığını və Masallı rayonu Qızılağac kənd 1 nömrəli məktəbə qəbul olunduğunu, lakin onunla əmək müqaviləsinin bağlanmadığını iddia edir.
Müəllimin sözlərinə görə, məktəb rəhbərliyi bu qərarı onun hamilə olması ilə əlaqədar verib.
“Hazırda 7 aylıq hamiləyəm. Bunu biləndə mənimlə müqavilə bağlamaqdan imtina etdilər”, – deyə Nəzərova bildirib.
Məsələ ilə bağlı məktəbin mövqeyini öyrənmək üçün Masallı rayonu Qızılağac kənd Sübhan Xəlilov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinə sorğu göndərilib.
Məktəbdən verilən cavabda bildirilib ki, müəllim müddətli vakant yer üzrə zəng mərhələsində işə dəvət edilib. Araşdırma zamanı onun 7 aylıq hamilə olduğu və tədris ili başladıqdan qısa müddət sonra hamiləliyə və doğuşa görə uzunmüddətli sosial məzuniyyətə ayrılacağının məlum olduğu qeyd olunub.
Məktəb rəhbərliyi qərarını tədris prosesinin fasiləsizliyinin təmin edilməsi ilə əsaslandırıb. Bildirilib ki, vakant yer tədris ilinin sonunadək müddətli əsaslarla tutulmalı olduğundan, şagirdlərin dərs proqramından geri qalmaması və dərs yükünün davamlı təşkili nəzərə alınıb.
Cavabda əmək müqaviləsinin qarşılıqlı razılıq əsasında bağlandığı və direktorun öz səlahiyyətləri çərçivəsində müqavilənin bağlanmaması barədə qərar qəbul etdiyi vurğulanıb.
Məktəbdən həmçinin bildirilib ki, tədrisin davamlılığını qorumaq üçün həmin vakant yerə başqa müəllim yönləndirilib.
