Nazir: İşəgötürənlərin məhkumlara münasibəti birmənalı deyil
Fərid Əhmədov 500 işəgötürən arasında aparılan sorğunun nəticələrini açıqlayıb
Ədliyyə naziri Fərid Əhmədov cəza çəkmiş şəxslərin işə qəbuluna münasibətlə bağlı aparılan araşdırmanın nəticələrini açıqlayıb.
O, “Report” və İTV-yə birgə müsahibəsində bildirib ki, 500 işəgötürən arasında aparılan sorğu bu şəxslərin işə qəbuluna ehtiyatlı yanaşmanın birmənalı olmadığını göstərib.
Nazirin sözlərinə görə, münasibət şəxsin hansı cinayətə görə məhkum olunmasından və müraciət etdiyi vəzifədən asılıdır.
“Ehtiyatsızlıqdan törədilən cinayətlərə münasibətdə işə götürənin yanaşması daha dözümlüdür və daha az ehtiyatlanır. Amma daha ağır cinayətlər törətmiş şəxslərə münasibətdə onların davranışları təbii ki, daha ehtiyatlıdır”, - deyə F.Əhmədov bildirib.
O qeyd edib ki, cəza çəkmiş şəxslərlə bağlı stereotip və stiqmanın aradan qaldırılması məqsədilə özəl tərəfdaşların cəzaçəkmə müəssisələrinə cəlb olunmasına başlanılıb.
Nazir əlavə edib ki, işəgötürənlərin məhkumlarla təlim və təcrübə prosesində birgə iştirak etməsi onların bu şəxslərlə bağlı stereotiplərinin aradan qaldırılmasına kömək edə bilər.
