Baş prokuror Gəncədə vətəndaşları qəbul edib
Kamran Əliyev 17 vətəndaşın müraciətini dinləyib, müvafiq göstərişlər verib
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, prokurorluq orqanlarında vətəndaşların qəbulu və onların müraciətlərinin yerində araşdırılaraq həll edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bu çərçivədə Baş prokuror Kamran Əliyev bu gün Gəncə Şəhər Prokurorluğunun inzibati binasında Gəncə şəhərindən olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Baş prokuror Ümummilli Lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad edib.
Daha sonra Kamran Əliyev Gəncə Memorial Kompleksini ziyarət edib və memorial lövhənin önünə gül dəstələri qoyub.
Qəbul zamanı 17 vətəndaşın müraciəti dinlənilib. Müraciətlər konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmələrdə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, eləcə də mülki xarakterli mübahisələr və sosial məsələlərlə bağlı olub.
Müraciətlərdə qaldırılan məsələlərin prokurorluq orqanlarında və aidiyyəti icra qurumlarında operativ həlli ilə bağlı müvafiq göstərişlər verilib.
Qəbuldan sonra Gəncə şəhərində xidmət aparan prokurorluq əməkdaşlarının istifadəsi üçün yeni xidməti mənzillər istifadəyə verilib.
Baş prokuror mənzillərdə yaradılmış şəraitlə tanış olub, əməkdaşların sosial-məişət təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərlə bağlı tapşırıq və tövsiyələrini verib.
Kamran Əliyev yaradılmış şəraitin dövlət başçısının prokurorluq əməkdaşlarına göstərdiyi diqqət və qayğının növbəti təzahürü olduğunu bildirib.
Qeyd olunub ki, həyata keçirilən tədbirlər regionlarda xidmət aparan prokurorluq əməkdaşlarının yaşayış və xidmət şəraitinin yaxşılaşdırılmasına, xidməti vəzifələrinin səmərəli və layiqincə yerinə yetirilməsi üçün zəruri şəraitin yaradılmasına xidmət edir.
Prokurorluq əməkdaşlarının sosial təminatının gücləndirilməsi, yaşayış və xidmət şəraitinin daha da yaxşılaşdırılması, həmçinin müvafiq infrastrukturun inkişaf etdirilməsi istiqamətində tədbirlər davam etdiriləcək.




