Ekspert vəba riskindən danışdı
Rusiyanın İrkutsk vilayətində vəba xəstəliyi ilə bağlı şübhələrin ortaya çıxması region ölkələrində narahatlıq yaradıb. Rusiya tərəfi isə ölkədə epidemiya və ya təhlükəli infeksiyanın geniş yayılması riskinin olmadığını açıqlayıb.
Azərbaycanın da Rusiya ilə qonşu olması fonunda vəbanın ölkəyə mümkün yayılma riski müzakirə olunur.
Tibbi ekspert Rasif Bağırov hesab edir ki, hazırda Azərbaycanda vəba ilə bağlı ciddi narahatlığa əsas yoxdur.
Ekspert bildirib ki, vəba əvvəlki dövrlərdə olduğu kimi qorxulu xəstəlik hesab edilmir. Onun sözlərinə görə, xəstəlik vaxtında müəyyənləşdirildikdə pasiyentin təcrid olunması və müalicəsi ilə infeksiyanın yayılmasının qarşısını almaq mümkündür.
“Antibiotiklərin geniş tətbiq olunduğu bir dövrdə yaşayırıq. Bəzən insanlarda vəbanın yüngül forması yaransa da, onlar özbaşına antibiotik qəbul edirlər. Nəticədə xəstəlik törədicisi məhv olur. Hətta pasiyentin özü də xəstəliyin məhz nə ilə bağlı olduğunu tam bilmir”, – deyə R.Bağırov bildirib.
O qeyd edib ki, infeksiyanın kütləvi yayılması üçün əsas təhlükələrdən biri çirkli su mənbələrinin təmiz su hövzələrinə qarışmasıdır.
“Belə hallarda yüzlərlə, hətta minlərlə xəstə yarana bilər və infeksiya ilə mübarizə çətinləşər. Lakin epizodik hallar zamanı kütləvi yayılma baş vermir. Vəziyyət nəzarətə götürülür, xəstə izolyasiya edilir və müalicə olunur”, – deyə ekspert əlavə edib.

