Masazırda küçələr kanalizasiya suları altında qalır
Sakinlər problemin uşaqların təhlükəsizliyinə və sağlamlığına risk yaratdığını deyirlər
Masazır qəsəbəsində kanalizasiya sistemindəki problemlər sakinlərin narazılığına səbəb olub.
Sakinlər bildirirlər ki, bir sıra küçələrdə, xüsusilə yağışlı günlərdə kanalizasiya suları daşaraq küçələrə yayılır. Bu isə ərazidə antisanitar vəziyyət və kəskin qoxunun yaranmasına səbəb olur.
Onların sözlərinə görə, bəzi ərazilərdə insanlar kanalizasiya sularının və məişət tullantılarının üzərindən keçərək hərəkət etməyə məcbur qalırlar.
Müraciətdə qeyd olunur ki, ərazidə məktəb də yerləşir və şagirdlər hər gün bu küçədən istifadə edirlər. Sakinlər kanalizasiya sularının küçələrə yayılmasının, xüsusilə uşaqların sağlamlığı üçün təhlükə yaratdığını bildirirlər.
Sakinlərin sözlərinə görə, problem yalnız yağışlı havalarda deyil, ilin bütün fəsillərində müşahidə olunur. Kanalizasiya və su xətlərindən suyun yer səthinə çıxması nəticəsində bəzi küçələrdə yeni salınmış asfalt örtüyü də qısa müddətdə yararsız vəziyyətə düşür.
