Ermənistan ordusunda istefa dalğası
Nəsimi Musayevlə bağlı hadisədən sonra bir sıra vəzifəli şəxslərin işdən çıxarılacağı iddia olunur.
Ermənistanın güc strukturlarında yeni istefaların olacağı iddia edilir.
“Hraparak” yazır ki, buna Azərbaycan hərbçisi Nəsimi Musayevin Ermənistan ərazisində saxlanılması ilə bağlı yaranmış vəziyyət səbəb olub.
Nəşrin məlumatına görə, hadisədən bir neçə gün sonra Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktor müavini, general-mayor David Sanamyan vəzifəsindən azad edilib.
Sanamyanın istefasının rəsmi səbəbi açıqlanmayıb. Lakin Ermənistan mediası qərarın Azərbaycan hərbçisinin sərhədi keçməsi ilə bağlı insidentdən sonra verildiyini yazır.
“Hraparak”ın mənbələri iddia edir ki, qarşıdakı günlərdə Müdafiə Nazirliyi və digər güc strukturlarında da vəzifədən azad edilmələr mümkündür.
Nəşr qeyd edir ki, sərhədin pozulması barədə məlumatdan sonra aidiyyəti qurumların koordinasiyalı şəkildə hərəkət etməsi, ərazini nəzarətə götürməsi və axtarış tədbirləri həyata keçirməsi gözlənilirdi. Lakin bunun baş vermədiyi bildirilir.
Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun məlumatına əsasən, müddətli həqiqi hərbi xidmət keçən Nəsimi Musayev sentyabrın 26-da xidmət yerində olmayıb. Onun axtarışına başlanılıb.
Sonradan onun Ermənistan ərazisində olduğu və saxlanıldığı müəyyən edilib. Nəsimi Musayev barəsində Ermənistanda 2 aylıq həbs qətimkan tədbiri seçilib.
