194 məktəb “Rəqəmsal məktəb”ə qoşulur
Platforma Bakı ilə yanaşı, daha 5 şəhər və rayonda tətbiq ediləcək
2026-2027-ci tədris ilindən “Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndiriləcək.
Belə ki, yeni tədris ilindən Abşeronda 47, Gəncədə 50, Mingəçevirdə 29, Sumqayıtda 48 və Naxçıvanda 20 məktəb platformadan istifadə edəcək.
Nəticədə daha 194 məktəb “Rəqəmsal məktəb” platformasına qoşulacaq.
Platformanın tətbiqi təhsil prosesinin rəqəmsallaşdırılması, məktəb idarəetməsinin təkmilləşdirilməsi və təhsil iştirakçıları arasında əlaqələrin daha operativ qurulmasına imkan verəcək.
Müəllimlər elektron dərs jurnallarından istifadə edəcək, şagirdlər tədris resurslarına, dərs cədvəllərinə və qiymətlərinə rəqəmsal formada çıxış əldə edəcəklər.
Valideynlər də şəxsi kabinetləri vasitəsilə övladlarının davamiyyəti, qiymətləri və nizam-intizam göstəricilərini izləyə biləcəklər.
Platformada süni intellekt əsaslı rəqəmsal həllərdən istifadənin də mümkün olacağı bildirilir. Bunun müəllimlərin fəaliyyətinin optimallaşdırılmasına və tədris prosesinin fərdiləşdirilməsinə töhfə verməsi nəzərdə tutulur.
“Rəqəmsal məktəb”in yeni regionlarda tətbiqi ölkə üzrə rəqəmsal təhsil imkanlarının mərhələli şəkildə genişləndirilməsinə şərait yaradacaq.
