Məktəbli forması ilə bağlı yeni qaydaların mahiyyəti
Qaydalar yalnız şagirdlərə deyil, təhsilverənlərə də şamil olunur
Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində məktəbli geyimi ilə bağlı yeni qaydalar ictimai müzakirələrə səbəb olub. Türkiyə mediasının və sosial şəbəkələrin bəzi seqmentlərində məsələ dini və ideoloji müstəvidə təqdim edilsə də, hüquqi çərçivə bunun daha geniş xarakter daşıdığını göstərir.
Bizim.Media-ya istinadən xəbər verir ki, vahid məktəbli forması Azərbaycanın tətbiq etdiyi yeni yanaşma deyil. Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxil olmaqla bir sıra türk dövlətlərində də məktəblilər üçün vahid geyim qaydaları mövcuddur.
Azərbaycanda Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli qərarı ilə dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim formalarının təsvirlərinə dəyişiklik edilib.
İyulun 7-də “Ümumi təhsil haqqında” Qanuna edilmiş dəyişikliklər isə məsələnin hüquqi əsaslarını daha da dəqiqləşdirib. Qanunda “millilik və dünyəvilik” prinsipi ayrıca təsbit olunub.
Yeni yanaşmaya əsasən, dövlət ümumi təhsil müəssisələrində həm təhsilalanların, həm də təhsilverənlərin geyim qaydalarına riayət etməsi tələb olunur. Valideynlərin də övladlarının müəyyən edilmiş məktəbli formasına əməl etməsini təmin etməsi nəzərdə tutulur.
Bu, qaydaların konkret dini və ya sosial qrupa qarşı yönəldilməsi iddialarını zəiflədir. Çünki tələb bütün məktəb mühitinə şamil olunur.
Dünyəvi məktəbin əsas məqsədi müxtəlif dini, sosial və ideoloji baxışlara malik uşaqların bərabər və neytral mühitdə təhsil almasını təmin etməkdir. Eyni zamanda milli-mənəvi tədbirlərdə milli geyimdən və onun elementlərindən istifadəyə imkan verilməsi milli kimliyin qorunmasına xüsusi diqqət yetirildiyini göstərir.
Azərbaycanın multikultural və dünyəvi dövlət modeli də bu yanaşmanın əsasını təşkil edir. Müxtəlif dini konfessiyaların fəaliyyət göstərdiyi ölkədə dünyəvi təhsil mühitinin yaradılması dini dəyərlərin inkarı kimi qiymətləndirilə bilməz.
Bu səbəbdən məktəbli forması ilə bağlı yeni qaydaların yalnız dini müstəvidə təqdim edilməsi məsələnin hüquqi və ictimai mahiyyətini tam əks etdirmir.
