Göyçayda məktəbdə şagirdlərdən çox yarasaların olduğu deyilir
1959-cu ildə tikilən binanın yenidən qurulması planlaşdırılır
Göyçay rayonunun Qızılağac kəndində fəaliyyət göstərən tam orta məktəbin binası baxımsız vəziyyətdədir.
1959-cu ildə inşa olunan binada hazırda məktəblə yanaşı, bağça və mədəniyyət evi də fəaliyyət göstərir.
APA TV-yə danışan müəllim və şagirdlər məktəbdə yarasa və həşərat probleminin olduğunu bildiriblər. Onların sözlərinə görə, xüsusilə yay aylarında ilan, böcək və yarasalar məktəbdə ciddi narahatlıq yaradır.
Şagirdlər istilik probleminin də olduğunu deyiblər. Bildirilib ki, məktəbin qızdırılması üçün odun gətirilir və sobadan istifadə olunur. Bəzi pəncərələrin və taxtaların sınıq olduğu, müxtəlif həşəratların, o cümlədən qırxayaqların olduğu qeyd edilib.
Kənd sakinləri isə məktəbin qapı və pəncərələrinin yararsız vəziyyətdə olduğunu, bəzi pəncərələrin sellofanla örtüldüyünü söyləyiblər. Onların sözlərinə görə, binanın döşəmə və tavanında da problemlər var, idman zalından isə istifadə etmək mümkün deyil.
Sakinlər məktəbin vəziyyətinin şagirdlərin davamiyyətinə də təsir etdiyini bildiriblər.
Mərkəzi Aran Regional Təhsil İdarəsindən məsələ ilə bağlı bildirilib ki, Qızılağac tam orta ümumi təhsil məktəbinin mövcud vəziyyətindən məlumatlıdırlar.
Qeyd olunub ki, məktəbin yenidən tikilməsi nəzərdə tutulur və bununla bağlı layihə sənədləri aidiyyəti üzrə təqdim edilib.
İdarənin məlumatına görə, hazırda tabelikdə olan 40-dan çox ümumi təhsil müəssisəsində cari təmir, bir müəssisədə isə əsaslı təmir işləri həyata keçirilir. Ötən tədris ilində 2 məktəb sökülərək yenidən tikilib.
