Məmmədlidə yol problemi sakinləri çətin vəziyyətdə qoyub
Abşeronun Məmmədli kəndində yağışdan sonra yollar keçilməz vəziyyətə düşüb.
Baku TV xəbər verir ki, ərazidə yaranan gölməçələr və çalalar sürücülərin hərəkətini çətinləşdirib. Sakinlər yolun uzun müddətdir təmir olunmadığını və avtomobillərin zədələndiyini deyiblər.
Bildirilib ki, 217 saylı avtobus da bu yoldan keçərək “Koroğlu” metro stansiyasına hərəkət edir. Sakinlərin sözlərinə görə, yolun vəziyyəti səbəbindən avtobusun marşrutunda da dəyişiklik edilib.
Vətəndaşlar problemin xüsusilə məktəbli və tələbələrin gediş-gəlişinə mənfi təsir etdiyini vurğulayıblar.
AAYDA-dan bildirilib ki, ərazidə yağış və qrunt sularının düzgün idarə olunmaması yolun bəzi hissələrində deformasiyalara səbəb olub.
Agentlik qeyd edib ki, yolun təmirinə başlamazdan əvvəl drenaj sistemi və suötürücü xətlər qurulmalıdır. Bununla bağlı aidiyyəti quruma müraciət edilib.
AAYDA-nın məlumatına görə, mühəndis-kommunikasiya tədbirləri başa çatdıqdan sonra yolda təmir-bərpa işləri aparılacaq.
Ətraflı videomaterialda.
