Nazir: Şagird öyrənirsə, deməli, hər şey yaxşıdır
“Bu gün bizim məktəbimizin ən vacib müzakirə mövzusu şagirdlərimizin öyrənib-öyrənməməsidir. Şagirdlər öyrənirsə, deməli, hər şey yaxşıdır”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda çıxışı zamanı deyib.
Nazir bildirib ki, təhsildə əsas diqqət şagirdlərə yönəlməlidir. Onun sözlərinə görə, şagirdlərin prosesdən kənarda qalması və müzakirələrin yalnız təhsil sistemi ətrafında aparılması işin mahiyyətinin düzgün anlaşılmadığını göstərir.
E.Əmrullayev müasir müəllimdən müasir bacarıqlar tələb edildiyini qeyd edib.
O, müəllimlik peşəsinə qəbul olunanların keyfiyyətinin də mühüm məsələ olduğunu vurğulayıb.
“Əgər bu peşəyə gələnlər başqa peşəyə düşə bilmədiyi üçün müəllimlik peşəsinə düşübsə, onda bu, müəyyən mənada dramatik bir problemdir”, - deyə nazir bildirib.
